Ermənistanın növbəti təxribatı nəyə ünvanlanıb?| Naxçıvanda Türkiyə hərbi bazasının qurulacağına dair iddialar

2019/01/65456-1548489890.jpg
Oxunub: 11891     11:59     26 Yanvar 2019    
“Türk mətbuatı yazır ki, Türkiyə öz sərhədlərindən kənarda 3-cü hərbi bazasını yaratmağa hazırlaşır. Rusiya Federasiyasının Suriyada Türkiyəyə ehtiyacı olması fürsətindən yararlanaraq, Naxçıvanda ayaq basma yerinin bir az genişləndirilməsi və mövcudluğunun, o cümlədən hərbi baxımdan gücləndirilməsinə cəhd edir”.

Ordu.az xəbər verir ki, bu barədə iddianı Ermənistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq insitutunun müdiri Ruben Safrastyan erməni KİV-lərinə açıqlamasında deyib.



“Bu geosiyasi əhəmiyyətli prosesdir. Hesab etmirəm ki, bu addım ruslar tərəfindən ciddi əks təsirlə qarşılanmasın. İlk növbədə bu addım Ermənistanda rus hərbi bazasının varlığını balanslaşdırma məqsədi ilə atılan addımdır”, - deyə o iddialarını əsaslandırmağa cəhd edib.

Məsələyə Ermənistanda ilk kəşfiyyat diversiya dəstəsinin təsisçi-komandiri Vova Vartanov, erməni KİV-lərinə verdiyi müsahibəsində toxunub. O, Safratsyanın açıqlamalarına dəstək məqsədilə qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri yalnız Naxçıvanda deyil, Bakı ətrafında da təmsil olunur.

“Orada logistika bazaları, çox sayda türk hərbçiləri var və bu bazaya giriş qapalıdır. Naxçıvanda türk hərbi bazasının yaradılmasının isə rus hərbi bazasına balans yaratmaq məqsədi ilə ediləcəyinə inanmıram. Doğrudur, Naxçıvanın qarşısında duran bizim hərbi birləşmənin ruslarla birgə sərhəddinin qorunmasına dair müqaviləmiz var, lakin orada yalnız Ermənistan qoşunları yerləşdirilib. Türklərin orada hərbi baza yaratmasının əsas məqsədi ondan ibarətdir ki, Naxçıvan kifayət qədər müdafiəsiz ərazidir. Ordu korpusunun hücum və zərbə ordusu olaraq Naxçıvan ordusu kimi yenidən formalaşdırılması, təsadüfi deyil. Onlar yaxşı bilirlər ki, bu ərazini müdafiə etmək mümkünsüzdür və məcbur hücum əməliyyatları hazırlayırlar. Bu fəaliyyətlərin yalnız həyati təyinatlı yolların bağlanılmasına yönəldiyinə inanmıram. Mənim fikrimcə, onların əsas planlarında Əlahiddə Naxçıvan ordusunun Ararat düzənliyinə daxil olması var”, - deyə Vartanov daha təxribatçı çıxış edib.

Şəxsi təxəyyülünə və “əsrarəngiz” fikirlərinə davam edən Vartanov qeyd edib ki, əgər Naxçıvan ərazisindən istər Yerasxavan, istərsə Yeğeqnadzor istiqamətindən Azərbaycan ordusu Ararat düzənliyinə daxil olmağa cəhd edərsə, o halda Naxçıvan daha da müdafiəsiz qalacaq.


“Beləliklə düşmən erməni tərəfinə qorxu yaratmağa çalışır ki, hücum edə biləcək rəqib zərbə endirən Naxçıvan ordusunun arxasına daxil olmasın və əsas bazadan əlaqəsini kəsməsin. Azərbaycan ordusu hesab edir ki, Naxçıvanda Osmanlı Türkiyəsinin mövcudluğu erməni ordusu üçün susdurucu amil olacaq. Hərbi bazanın daha çox bu məqsədi var, nəinki ruslarla balansı qorumaq. Ona görə ki, rusların Naxçıvan istiqamətində heç vaxt müharibə edən bölmə olmayan sərhədçilərdən başqa fəallığı yoxdur”, - deyə o bildirib.

Vova Vartanovun fikrincə, nə qədər silahın olmasından asılı olmayaraq silahla bərabər hazırlığın da vacib olduğunu nəzərə almaqla Ermənistana yalnız məşq etmək və hazır olmaq qalır.

“Biz malik olduğumuzu məşq etdirməli və hazırlamalıyıq. İndiki məqamda bizim əsas silahımız insan resursudur. Onun peşəkarlığını elə səviyyəyə çatdırmalıyıq ki, fəaliyyətdə olan ordu peşəkar hərbçilərlə komplektləşdirilə bilsin. Mən ehtiyatın varlığını nəzərdə tuturam. Əgər xatırlayırsınızsa, sabiq müdafiə naziri Vigen Sarkisyanın irəli sürdüyü layihələrdə hazırlıqlı rezervə böyük önəm verilirdi. Burada söhbət 200-250 min ehtiyatdan gedirdi. Hesab edirəm ki, bu o qədər də kifayət edən rəqəm deyil. Biz hərbi işdən anlayışı olan əhaliyə sahib olmalıyıq. Bunun yollarından biri də qadınların hərbi işlə tanış etdirilməsidir. Bu, o deməkdir ki, sərhədyanı kəndi, sərhədçiyə çevirməliyik. Bizə deyirlər ki, sülhə hazırlaşın. Türk isə öz əhalisini nifrətli müharibəyə hazırlayır. Biz də əhalimizə bacarıq və biliklər verməklə müharibəyə hazırlamalıyıq”, - deyə o sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, Vova Vartanov dəfələrlə Azərbaycanın müharibə baş verəcəyi təqdirdə Naxçıvan istiqamətindən hücum edəcəyini açıqlamaqla müəyyən dairələri təxribata çəkməyə, xarici KİV resurslarında Azərbaycanı təcavüzkar ölkə kimi göstərməyə çalışıb. Bu isə adətən Ermənistanın hər hansı bir təxribatçı əməliyyatlara başlamamışdan öncə “uzaqgörənlik” edərək ekspertlərin dili tətbiq etdiyi üsuldur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Ermənistan   Təxribat  


Bizi "telegram"da izləyin